“Baku Cup -2013” beynəlxalq tennis turniri davam edir

“Baku Cup -2013” beynəlxalq tennis turniri davam edir


Bakı Tennis Akademiyasında qadınlar arasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı "Baku Cup-2013” Beynəlxalq tennis turniri davam edir.
İyulun 26-da turnirdə növbəti görüşlər keçirilib. Olimpnews.az-ın verdiyi xəbərə görə, mərkəzi kortda polşalı Maqda Linette ilə ilə qarşılaşan 18 yaşlı Uns Cabir ilk seti 6:3 öz xeyrinə başa vurub.
İkinci setə də üstün başlayan tunisli raket ustası hesabda 3:1 önə keçib. Lakin bu zaman onun ayağında zədə yaranıb. Zədə ilə oyuna davam edən Uns Cabir daha bir oyunda qalib gəlib - 4:1. Sonra zədəsi incitdiyi üçün Cabir, görüşü davam etdirə bilməyib. Beləliklə, turnirin əsas favoriti, ötən ilin qalibi Boyana Yovanovskini (Serbiya) məğlub edən Uns Cabir çıxışını dayandırmalı olub.
Qeyd edək ki, texniki qələbə sayəsində yarmfinala yüksələn Maqda Linettenin (Polşa) növbəti rəqibi Şayar Peyer (İsrail) olacaq.
Mərkəzi kortda turnirin 7 nömrəli favoritinin Elina Svitolina (Ukrayna) 2 nömrəli favorit Donna Vekiçlə (Xorvatiya) qarşılaşıb. Dünya reytinqində 71-ci olan 18 yaşlı Svitolina reytinqdə 64-cü olan 17 yaşlı rəqibini ilk setdə 6:2 məğlub edərək hesabda 1-0 önə keçib.
Məğlubiyyətlə barışmayan Vekiç ikinci setə daha üstün başlayan tərəf olub və hesabda 2:1 önə keçib. Lakin, yenidən təşəbbüsü ələ alan Svitolina ardıcıl qazandığı xallarla hesabı öz xeyrinə dəyişib.
İkinci seti də 6:3 qazanan ukraynalı tennisçi matçı 2-0 qələbə ilə başa vurub. Onun yarımfinal rəqibi Qalina Voskoboyeva (Qazaxıstan) - Aleksandra Kadantsu (Rumıniya) matçından sonra məlum olacaq.
Cütlərin mübarizəsində isə 1-ci kortda Eleni Danilidou (Yunanıstan) - Aleksandra Kruniç (Serbiya) cütlüyü Sandra Klemenşits (Avstriya) - Andreya Klepaç (Sloakiya) cütlüyü ilə münasibətlərinə aydınlıq gətiriblər. Maraqlı mübarizə şəraitində keçən ilk seti Danilidou - Kruniç cütlüyü 6:4 öndə bitirib.
İkinci setdə daha sərbəst oyun nümayiş etdirən cütlük bu dəfə - 6:3 hesablı qələbəyə sevinib. Beləliklə, matçdan 2-0 hesablı qələbə ilə ayrılan Danilidou və Kruniç "Baku Cup 2013" turnirində finala çıxan ilk cütlük olublar. Onların finaldakı rəqibi sabah keçiriləcək Karolina Plişkova (Ukrayna) - Kristina Plişkova (Ukrayna) - İrina Buryaçok (Ukrayna) - Anna Tatişvili (Gürcüstan) matçının qalibi olacaq.
Qeyd edək ki, ölkəmizi bu turnirdə təmsil edən Kamilla Fərhad və Nəzrin Cəfərova uğursuz çıxış edərək mübarizəni dayandırıblar.


olimpnews.az