Şabranda stolüstü tennisə böyük maraq var

Şabranda stolüstü tennisə böyük maraq var

Məlum olduğu kimi, koronavirusun bütün dünyada yayılması ciddi fəsadlara yol açdı. Covid-19 virusunun daha çox insana yoluxmaması üçün bütün kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salındı. Bəzi turnirlər isə ümumiyyətlə, ləğv edildi. Hətta məşq zalları bağlandıqdan sonra idmançılar uzun müddət yarışlardan və məşqlərdən kənarda qaldırlar. Lakin bu idmançılarımız üçün maneə olmadı. Onlar ev şəraitində olsalar da idmansız qalmadılar. Kimisi bağ evində, kimisi isə bina evində məşqlərini edərək, formalarını qorumağa çalışdılar. Təbii ki, bu məşqlər heç vaxt idman zallarındakı məşq prossesinin yerini verə bilməz. Onlayn məşqlər təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də keçirilirdi. Belə bölgələrdən biri də Şabran rayonudur. Müsahibimiz olan Şabran Rayon İdman Şahmat Məktəbinin stolüstü tennis bölməsinin baş məşqçi-müəllimi Zakir Cavadov “olimpiyadunyasi.com” və “olimpnews.az” saytına keçirilən onlayn məşqlər barəsində danışdı. Onunla söhbət zamanı bir daha əmin olduq ki, Şabranda stolüstü tennisə olan sevgi heç bir maneə tanımır.
“Aprelin 5-dən onlayn məşqlər keçirik. Hər məşq prosesində müntəzəm olaraq, 5 uşaq iştirak edir. Uşaqlar evdə özləri üçün lazımi şərait yaradıblar. Beləliklə, onlar fiziki hazırlıqlarını, keçməklə yanaşı, stollarda texniki hazırlıqları da icra edə bilirlər. Evimizdə kompyuter olmadığına görə çalışıram ki, telefon vasitəsi ilə uşaqlara tapşırıqlarımı verim. Bura rayon yeridir. Təəssüf ki, hər kəsin internetə çıxışı olmadığına görə onlayn məşqlərdə iştirak edə bilmir. Lakin bu o demək deyil ki, onlar bu müddət ərzində idmansız qalmalıdırlar. Belə tələbələrlə əlaqə saxlayıb, onlara fərdi qaydada tapşırıqlarımı verirəm. Təbii ki, burada uşaqların məsuliyyətindən çox şey asılıdır. Biz istəyirik ki, onlar karantin müddəti başa çatana kimi, ümumi fiziki hazırlıqlarını və texniki bacarıqlarını itirməsinlər. Qeyd etdiyim kimi, fiziki hazırlıqla yanaşı, taktiki hazırlıqlar da çox önəmlidir. Bunun üçün onlar özləri üçün evdə qurduğu stollarda ailə üzvləri ilə birgə sparinq məşqlər edirlər. Düzdür, bu idmançı üçün çox çətin bir prosesdir. Çünki onların sparinq kimi məşq etdikləri rəqiblər peşəkar idmançılar deyil. Amma başqa çarəmiz də yoxdur. Bu yolla olsa belə, yetirmələrimizin hazırlıq səviyyəsini qorumağa çalışırıq. İdmançılarımız məşq prosesini videoya çəkərək mənə göndərirlər. Mən də öz növbəmdə onların çatışmayan cəhətlərini nəzərlərinə çatdırıram. Onu da deyim ki, yetirmələrim çox istəklidirlər. Onlar özləri də belə şəraitə baxmayaraq məsuliyətlərini yaxşı dərk edirlər. Təbii ki, bu,ilk növbədə onlarda stolüstü tennisə olan sevgidən irəli gəlir. Mən bu sevgini onlara aşılaya bildiyimə görə özümü xoşbəxt hiss edirəm”, - deyə Zakir Cavadov bildirib.
Z.Cavadov həmçinin idmançılarının qazandığı nailiyyətlər barəsində də məlumat verib. O, çətin şəraitdə olmasına baxmayaraq, yetirmələri arasında bir sıra turnirlərin qalibi olan idmançıların olduğunu bildirib.
“Biz sonuncu dəfə fevralın 8-də keçirilən reyinq yarışında iştirak etmişik. Yetirməm Elşən Hüseynov bu yarışda ikinci, Tunar Bağırov üçüncü, Şəbnəm Mansurova isə çempion adına layiq görüldü. Bu il Şirvanda keçirilən ölkə çempionatının zona birinciliyində oğlan və qızlardan ibarət komandalarımız final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qızlardan ibarət komandamız ikinci yeri tutdu. İstedadlı yetirməmiz Tunar Bağırov isə 2009 və daha kiçiklər arasında birinci yerə sahib çıxdı. 3 tələbəmiz - Aliyə Haşımova, Zöhrə Abdullayeva və Nihat Məmmədov idman ustalığına namizəd normasını yerinə yetirdilər. Mart ayında 2002 və daha kiçk oğlan və qızlar arasında ölkə kuboku yarışı keçirilməli idi. Biz bu yarışa hazırlaşırdıq. Təəssüf ki, bu turnir təxirə salındı. İnanıram ki, pandemiya tez bir samanda tamamilə başa çatacaq və biz də yenidən məşqlərə geri dönəcəyik”, - deyə Zakir müəllim qeyd edib.

Azər Əlizadə
 

Şabranda stolüstü tennisə böyük maraq var Şabranda stolüstü tennisə böyük maraq var