Qrossmeysterimiz pley-offa vəsiqə qazandı

Qrossmeysterimiz pley-offa vəsiqə qazandı

Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib. Qrossmeysterimiz XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Zəka sahibimiz növbəti 4 görüşünü isə heç-heçə ilə başa vurub. Teymur Rəcəbov müvafiq olaraq, XII turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura, XIII turda ağ fiqurlarla çinli Le Kuanq Lyom, XIV turda qara fiqurlarla hindistanlı Vidit Santoş Gujrathi, XV turda isə ağ fiqurlarla ABŞ-dan olan həmkarı Uesli So ilə sülh bağlayıb.

Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran T.Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də yer alan 33 yaşlı qrossmeysterimiz 1/4 final mərhələsinə adlayıb. Onunla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Qiri (Niderland) də pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edən turnirin qalibi 30 min dollara sahib olacaq.