Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib

Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib

 

                 Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Yanvarın 25-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib.

Federasiyanın Nizamnaməsinə əsasən, builki yığıncaq hesabat-seçki xarakteri daşıyıb.

Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl gimnastika ailəsinin ötən beş ildə dünyasını dəyişən üzvlərinin və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Gimnastika Federasiyasının son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər, Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalar, Bakıda təşkil olunan beynəlxalq yarış və tədbirlər, gimnastikanın yeni növlərinin inkişafı və AGF-in beynəlxalq arenadakı uğurları barədə məlumat verib.

Hesabatın sonunda Altay Həsənov görülən bütün işlərin, əldə olunan nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsi olduğunu vurğulayıb və Mehriban xanıma gimnastika ictimaiyyəti adından təşəkkür edib.

Sonra federasiyanın baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Hesabatların təsdiqindən sonra İcra Komitəsinə seçkilər keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər.

Səsvermə ilk dəfə olaraq elektron formatda əsas etibarı ilə yarışlar zamanı xalların hesablanmasında ixtisaslaşan Azərbaycan brendi olan “SmartScoring”in dəstəyi ilə təşkil edilib.

Sonda 2020-ci ildə mötəbər yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə xatirə medalları təqdim olunub.

Ümumi yığıncaqdan sonra AGF-in yenidən seçilmiş rəhbərliyi İcra Komitəsinin 2021-ci ilin ilk, ümumiyyətlə isə 37-ci iclasını keçirib. İclasda son üç ildə AGF-in baş katibi olmuş Nurlana Məmmədzadə yenidən bu vəzifəyə təyin olunub. Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin

komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.

Elşad Nərimanov AGF-in Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.

Müzakirələrdən sonra gimnastika növləri üzrə baş məşqçilərin hesabatı, AGF-in bir neçə qaydalarına dəyişikliklər təsdiq olunub. Bundan əlavə, 2021-ci ildə yığma komandalara cəlb olunmuş gimnastların təmsil etdikləri klub, idman təşkilatları və şəxsi məşqçilərinin mükafatlandırılması üzrə siyahı təsdiqlənib.