“Odlar Yurdu” komandası Avropa kubokunun finalına vəsiqə qazandı

“Odlar Yurdu” komandası Avropa kubokunun finalına vəsiqə qazandı

Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunda pley-off mərhələsinə yekun vurulub. Təmsilçilərimizdən “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası qrupu lider kimi başa vuraraq finalda mübarizəni davam etdirmək imkanı əldə edib. Pley-offda “Odlar Yurdu” Fransanın “Chartres Echecs” və Çexiyanın “Novy Bor” komandaları ilə heç-heçə oynayıb (2:2), “Deizisau” (Almaniya), “Greco-Notary Chess Team” (Ukrayna) və ölkəmizin digər komandası “Təhsil İdman”ı 3:1 hesabı ilə məğlub edib.
“Təhsil İdman” isə 6-cı pillədə qərarlaşmaqla turnirlə vidalaşıb. Qeyd edək ki, reqlamentə əsasən pley-offa vəsiqə qazanan 18 komanda üç qrupda mübarizə aparıb. Qrupda ilk üç yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, final mərhələsində ümumilikdə 10 komanda mübarizə aparacaq. Çempionluq uğrunda “Odlar Yurdu” ilə yanaşı “Ladya Kazan”, “Mednıy Vsadnik” (hər ikisi Rusiya), “Hamburger Schacklub”, “Deizisau” (hər ikisi Almaniya), “Clichy Echecs 92” (Fransa), “Novy Bor” (Çexiya), “Guildford” (İngiltərə), “Poland Hussars” (Polşa) və qadın şahmatçıların yarışında Avropa Kubokunun qalibi “Monte-Karlo” yarışacaq.
Qeyd edək ki, “Monte-Karlo” turnirin final mərhələsinə təşkilatçıların xüsusi dəvəti ilə qoşulacaq. Final mərhələsi iki gün davam edəcək. On komanda dairəvi sistemlə mübarizə aparacaq. Doqquz turdan sonra ilk pilləni tutacaq kollektiv Avropa kubokunun qalibi elan olunacaq.
Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.