Formula 2 Bakıda

Formula 2 Bakıda

"Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da, pandemiya dönəmində əminliklə danışmaq mümkün deyil". Bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib. O bildirib ki, Azərbaycan Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdırlar: "Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da, medianın fəaliyyəti artıb. Çünki Formula 1 sevərlər yarış barədə onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə, Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".
BŞH rəsmisi Bakıda Formula 1lə yanaşı, Formula 2 yarışının da olacağını diqqətə çatdırıb: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu mövsüm gerçəkləşəcək".
Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını sevindirici hal adlandırıb.
O, Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.