Voleybolçularımız qrup mərhələsini sonuncu pillədə başa vurdu

Voleybolçularımız qrup mərhələsini sonuncu pillədə başa vurdu

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının qrup mərhələsində son görüşünü keçirib.  A qrupunda mübarizə aparan yığmamız Rumıniya millisi ilə üz-üzə gəlib. Hər üç hissə rəqibin xeyrinə yekunlaşıb - 0:3 (24:26, 12:25, 25:27). Beləliklə, gənclərdən təşkil olunan komandamız Qızıl Avropa Liqasında mübarizəni xalsız başa vurub.
A qrupunun sonuncu matçında Fransa və İspaniya komandaları qarşılaşacaqlar. Onlar qrup liderini müəyyənləşdirəcəklər. İkinci dövrəyə ev sahibliyi edən fransızlar 10, rəqibləri 12 xala malikdir. İspanlara birinci olmaq üçün 2 set də kifayət edəcək. Fransızlar uduzarsa, Rumıniya 11 xalla ikinci pillədə qərarlaşacaq.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.