UEFA-dan Ukraynaya tələb

UEFA-dan Ukraynaya tələb

Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək. UEFA bununla bağlı Ukrayna Futbol Assosiasiyasına göstəriş verib. Qurumdan siyasi şüarları yığmanın formasından çıxarması tələb olunub. Formaların üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.

UEFA-dan bildirilib ki, BMT dövlətin müvafiq sərhədlərini tanıdığı üçün formadakı Ukrayna xəritəsi qitə futbol qurumunun qaydalarını pozmur. "Слава Украине!" şüarı da geyimdə qalacaq. Amma ikinci şüar ("Героям Слава!") formadan çıxarılmalıdır. UEFA hesab edir ki, bu, birinci şüarla yanaşı yazılanda siyasi məna daşıyır.
Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda keçiriləcək. Rusiya millisi Belçika, Danimarka və Finlandiya ilə birlikdə B qrupunda, Ukrayna yığması isə Niderland, Avstriya və Şimali Makedoniya ilə birlikdə C qrupunda mübarizə aparacaq.