Səmada yaşanan unudulmaz anlar...

Səmada yaşanan unudulmaz anlar...

Bəzi insanlar həyatda özlərini təsdiqləmək, qeyri-adi hərəkətləri yerinə yetirmək iqtidarında olduqlarını ətrafdakılara sübut etmək üçün ekstremal idman növlərinə üz tuturlar. Belə insanlar həyatlarını risksiz təsəvvür edə bilmir, fərqlənmək, qalib gəlmək onların həyat tərzinə və daxili tələbatına çevrilir. Başqa cür desək, adrenalinsiz yaşamaq macəra vurğunlarına darıxdırıcı görünür. Ekstremal idman növləri təhlükəli olsa da, insanda daxili inam hissini artırmaqla yanaşı, onun psixoloji cəhətdən güclənməsinə böyük təsir göstərir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində dağ velosipedi və motosikleti, snoubord, dağadırmanma, raftinq və s. kimi ekstremal idman növləri böyük populyarlıq qazanıb. Sevilən və böyük maraqla qarşılanan belə növlərdən biri də paraşüt idmanıdır.
 

"Uçan plaş" qatı cinayətkarı xilas etdi


Paraşüt fransız dilindən tərcümədə (para - "qarşı", shute "düşmək") atmosferin müqaviməti hesabına obyektin tormozlanması üçün qurğu mənasını verir. Başqa sözlə, paraşüt havada cismin düşmə sürətini azaldan cihaz hesab olunur. Paraşütün yaranması ilə bağlı fikirlərə ilk dəfə 1495-ci ildə dahi rəssam Leonardo da Vinçinin əlyazmalarında rast gəlinib. O, qeyd edirdi ki, 12 m enə və uzunluğa malik çadırı olan hər kəs istənilən yüksəklikdən aşağıya təhlükəsiz uçuş icra edə bilər. XVII əsrin əvvəllərində digər italyan alimi Faust Verançino Leonardo da Vinçinin ixtirasına uyğun insanı göydən endirən aparatı təsvir edir. Məhbus Fransız Laven isə bunu ilk dəfə təcrübədə həyata keçirmək niyyətinə düşür. XVII əsrin 20-ci illərində qalada saxlanılan Laven azadlığa çıxmağın yolunu bezdən çadır tikərək oradan çaya tullanmaqda görür. Onun bu riskli addımı uğurlu alınır və nəticədə Laven sağ qalır.

1797-ci ildə isə bir çox qatı cinayətlər törətmiş məhbus Jan Dümye ölüm hökmü ilə cəzalandırıldığından professor Fontanjın "uçan plaş"ının sınaqçısı olmağa razılıq verir. Belə ki, ona eksperimentin uğurla başa çatacağı təqdirdə, həyat bəxş olunacağı bildirilir. Beləliklə, Dümye həbsxana qülləsindən Fontanjın cihazı ilə tullanır. Bu eksperiment uğurla başa çatır.
1783-cü ildə professor Lenorman observatoriyanın damından yaratdığı qurğu ilə tullanır. Amma təcrübə zamanı bir sıra narahatlıqlar meydana çıxdığından onun konstruksiyası ümidləri doğrultmur. Qeyd edək ki, həmin vaxt yaradılan bütün paraşütlərın çatışmayan əsas cəhəti onun günbəzinin yellənməsi ilə bağlı idi. Bir müddət sonra bu problemi ingilislər aradan qaldırmağa müyəssər olurlar. Amma bu da hələ mükəmməl paraşüt konstruksiyasının işlənib hazırlanması demək deyildi. XX əsrin əvvəllərində aviasiya sürətlə inkişaf etdiyindən təyyarəçilər paraşütlərə böyük ehtiyac duyurdular. Köhnə modelli paraşütlərin isə çox böyük olması onların aviasiyada tətbiqinə imkan vermirdi. Bununla belə, aviasiyanın inkişafının paraşütə olan tələbatı günbəgün artırdı.
1911-ci ildə rus ixtiraçısı Qleb Kotelnikov azad hərəkət edən xüsusi paraşüt konstruksiyasını hazırlayır. Metal qutuya yığılan yumru formalı qurğu nəhayət ki, özunu doğruldur. Elə həmin vaxtdan etibarən, bu konstruksiya ilə paraşütlər hazırlanmağa başlanılır. 1930-cu il iyul 26-da hərbi təyyarəçi qrupu ilk dəfə olaraq, tutumu böyük olan təyyarədən tullanmanı həyata keçirir. Məhz həmin gün SSRİ-də paraşütizmin kütləvi inkişafının əsasının qoyulması günü kimi tarixə düşür. 1951-ci ildə Yuqoslaviya paraşüt idmanı üzrə ilk dünya çempionatına ev sahibliyi edir.


 

Səmaya ilk addım psixoloji hazırlıq tələb edir


İdman paraşütizminin bir sıra növləri var. Bunlar klassik paraşütizm, kütləvi akrobatika, paraşüt akrobatikası, fiqurların paraşütdən düzülüşü, fristayl (azad düşmədə fiqurların düzülüşü), skaysörfinq (xüsusi xizəkdən atlanış), hava baleti, beyscampinq və s-dir. Paraşüt idmanı üzrə keçirilən yarışlarda əsasən, göydən enmə zamanı hərəkətlərin dəqiqliyi, surət, müxtəlif hərəkətlərin icrası kimi xüsusiyyətlər nəzərə alınır. Bu idman növü ilə məşğul olanların bir sıra amilləri nəzərə alması vacibdir. Məsələn, paraşütdən tullanma görmə qabiliyyəti zəif olan insanlar üçün çox təhlükəlidir. Bu idman növündə yaş məhdudiyyəti olmasa da, paraşütizmin sirlərinə yeniyetmə vaxtlarından yiyələnmək daha məqsədəuyğundur. Paraşütdən tullananların çəkisi 40 kq-dan az, 90 kq-dan isə çox olmamalıdır. Tullanmazdan əvvəl paraşütçülər mütləq həkim müayinəsindən keçməli, psixoloji cəhətdən özlərini buna hazır hiss etməlidirlər. Yüksək qan təzyiqi, epilepsiyası olan, habelə psixi, ürək-damar, şəkər xəstəliklərindən əziyyət çəkən insanların paraşütdən tullanmaları qadağandır. Hətta yüngül soyuqdəymə zamanı paraşütdən tullanma məsləhət görülmür. Belə ki, bu zaman qulağın daxili hissəsinin təzyiqin dəyişməsinə uyğunlaşa bilməməsi sonradan arzuolunmaz fəsadlara gətirib çıxarır. Bundan başqa, ayağında sınıqları olanların 1 il müddətində paraşütdən tullanmalarına icazə verilmir. Paraşütdən tullanmadan daha yaxşı həzz almaq üçün onu aydın düşüncə ilə həyata keçirmək lazımdır. Yəni tullanma zamanı yuxulu olmaq və spirtli içkilərdən istifadə etmək olmaz.

Maraqlıdır ki, mütəxəssislər yüksəklikdə alkoqollu içkilərin təsirinin daha da gücləndiyini bildirirlər. Qeyd edək ki, hansı mövsümdə həyata keçirilməsindən asılı olmayaraq, paraşütdən tullanma zamanı bədənin bütün hissələrini örtən paltar geyinmək lazımdır. Vacib məqamlardan biri isə yarışların keçirildiyi zaman küləyin sürətinin saniyədə 6 m-dən çox olmamasıdır. Əsas paraşütdən ibarət ryukzak çiyinə birləşdirilməmişdən əvvəl idmançılar bir sıra yoxlama hərəkətlərini yerinə yetirməlidirlər. Ardınca əsas avadanlığa ehtiyat paraşüt bərkidilməli və qoruyucu papaq taxılmalıdır. Göydə çətin fəndləri icra etməzdən əvvəl idmançılar, ilk növbədə, paraşütdən tullanmanı düzgün həyata keçirməni öyrənməlidirlər. Başqa sözlə, havada özlərini inamlı hiss etməlidirlər.


 

Paraşüt idmanı futbolla müqayisədə daha təhlükəsizdir


Düşmə sürəti saniyədə 50 m-ə bərabər olan paraşüt idman növü insandan dəqiqlik və məsuliyyət tələb edir. Bu növdə tullanma hündürlüyü müxtəlifdir (200 m-dən 4500-ə qədər). Ekstremal hesab edilən paraşütizm sözsüz ki, həm də təhlükəli olduğundan bu idman növündə hər bir hərəkət qaydalar çərçivəsində yerinə yetirilməlidir. Çünki, istənilən fövqəladə halın əsasında insan amili dayanır. Amma qəribə olsa da, statistikaya əsasən, paraşüt idmanı futbolla müqayisədə daha təhlükəsiz növ hesab olunur. Amma bu göstərici paraşütçülərə təhlükəsizlik tədbirlərinin həyata keçirilməməsi üçün heç bir əsas vermir. Paraşütünün səni yarıyolda qoymaması üçün onu düzgün şəraitdə saxlamaq, vaxtaşırı texniki baxışdan keçirmək lazımdır.


 

Dünyanın ən sürətli idman növü sarsıntı və
depresiyaya qarşı vasitədir


Artıq qeyd etdiyimiz kimi, paraşüt idmanı fiziki və mənəvi cəhətdən güclü, eyni zamanda ağıllı insanlar üçündür. Digər ekstremal növlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənən paraşütizm bəziləri üçün sadəcə, bir hobbi, bəziləri üçün isə fəal istirahət üsuludur. Alimlərin gəldiyi digər maraqlı qənaətə əsasən, paraşüt idman növü insanda həm də intellekti formalaşdırır. Belə ki, göydənenmə zamanı bir sıra hərəkətlərin icrası insanı qısa vaxt ərzində tez qərarlar qəbul etməyə vadar edir ki, bu da ağılın itiləşməsi ilə nəticələnir. Bununla belə, dünyanın ən sürətli idman növü olan paraşütizm sarsıntı və depresiyaya qarşı vasitə kimi də köməyə gələ bilər. Qəribə səslənsə də, həkimlər paraşütdən tullanmaqla artıq çəkidən azad olmağın mümkünlüyünü də istisna etmirlər. Araşdırmalar nəticəsində məlum olub ki, paraşüt vasitəsilə enmə zamanı 2 kq-a qədər çəki atmaq mümkündür.

Səmada yaşanan unudulmaz anlar...