Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin həyata keçirdiyi “Təhlükəsiz idman - hamı üçün” mövzusunda kursların iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Fərid Mansurov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, akademiyanın müəllim heyəti və kurslarda fəallığı ilə seçilən tələbələr iştirak ediblər.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 nəfər tələbəsinin iştirak etdiyini qeyd edərək, bu kursları uğurla başa vuran gəncləri təbrik edib.
Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsinin 2023-cü ildən fəaliyyət göstərdiyini qeyd edib. Bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. Vaqif Əliyev qeyd edib ki, Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsi Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.
Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.
Proqramın məqsədi olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.