3 güləşçimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazandı

3 güləşçimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazandı

Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatı davam edir. Bu gün daha 5 güləşçimiz tatamı üzərinə çıxıb.  Yunan-Roma güləşçilərinin mübarizəsində 45 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Rahim Həsənov 1/4 finalda Filip Çapka (Çexiya) ilə qarşılaşıb. Görüşdə 8:0 hesabı ilə qələbə qazanan güləşçimiz yarımfinala vəsiqə əldə edib. Onun həlledici qarşılaşmadakı rəqibi gürcüstanlı güləçşi  Anri Xozrevanidze olacaq.
Komandamızın digər üzvü Pərviz Dadaşov (51 kq) isə ilk görüşdə bolqarıstanlı Borislav Kirilova uduzub - 3:6.
60 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidzeni (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib. Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançımız 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana da heç bir şans verməyib - 8:0. F.Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.
71 kq-da mübarizə aparan Ruslan Nurullayev ardıcıl olaraq, Tom Stoll (Almaniya), Miloş Peroviç (Serbiya) və Tornike Mikeladze (Gürcüstan) üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. O, finala çıxmaq üçün türkiyəli Alperen Berberlə qarşılaşacaq.
Komandamızın digər üzü Cavidan Nuri (92 kq) 1/8 finalda Kriştian Kisi (Macarıstan) məğlub etsə də, növbəti mərhələdə Abubakar Xaslaxanova (Belarus) məğlub olub - 1:5.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.