Gənc güləşçilərimiz Avropa çempionatını 8 medalla başa vurdular

Gənc güləşçilərimiz Avropa çempionatını 8 medalla başa vurdular

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub. Yarışda uğurla iştirak edən pəhləvanlarımız qitə çempionatını 8 (5 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurublar.

Yarışda əvvəlcə sərbəst güləşçilərimiz mübarizəyə başlayıblar. Qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə aparan pəhləvanlarımız böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında uğurla çıxış ediblər. Belə ki, güləşçilərimizdən dördü fəxri kürsüyə qalxıb. Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qeyd edək ki, Kənan Heybətov həlledici final görüşündə Ermənistan idmançısına əsl əzmkarlıq nümayiş etdirərək qalib gələrək Avropa çempionu olub. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.
Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci yeri tutub.
Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi.
Komandamıza növbəti medalları isə yunan-Roma güləşçilərimiz qazandırıblar. Qitə birinciliyinin son 3 günündə çıxış edən klassiklərimiz 4 medala sahib çıxıblar. Pəhləvanlarımızdan Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Qurban Qurbanov (63 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Avropa çempionatına 9 idmançı ilə yollanan millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 99 xal toplayıb. Yığmamız bu nəticə ilə Avropa çempionatında 4-cü yeri tutub. Komandamız 3-cü pillədə qərarlaşan Türkiyədən cəmi 1 xal geri qalıb. Gürcüstan (154) birinci, Rusiya (118) isə ikinci olub.