Tokio Olimpiadası azarkeşsiz keçiriləcək

Tokio Olimpiadası azarkeşsiz keçiriləcək

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları Yaponiyanın paytaxt regionunda keçiriləcək tədbirlərə yerli tamaşaçıların buraxılmaması barədə qərar qəbul ediblər. Yaponiya paytaxt regionuna Tokio, Kanaqava, Saytama və Çiba prefekturaları daxildir.

Bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Paralimpiya Komitəsinin, Yaponiya hökumətinin, Tokio administrasiyasının və Tokio-2020-nin Təşkilat Komitəsinin nümayəndələrinin apardığı müzakirələrin nəticəsində qəbul olunub.

Bununla yanaşı, Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları tamaşaçıların Şizuoka, İbaraki, Fukuşima və Miyaqi prefekturalarında keçiriləcək yarışlara buraxılacağı barədə qərar qəbul etdiyi də bildirilir.

Bu ərəfədə Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokioda iyulun 12-dən 22-dək fövqəladə vəziyyət rejimi elan edib. Eyni zamanda, həmin müddətdə Kanaqava, Saytama və Çiba prefekturalarında koronavirusa qarşı gücləndirilmiş tədbirlər davam etdiriləcək. Bu rejimdə tamaşaçıların kütləvi tədbirlərə buraxılması qadağan olunur.