Olimpiyaçılarımızın idman geyimlərinin təqdimatı keçirildi

Olimpiyaçılarımızın idman geyimlərinin təqdimatı keçirildi

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin təqdimatı olub. İyulun 13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir Tokio-2020 Yay Olimpiya Oyunlarından bəhs edən videoçarxın  yayımlanması ilə başlayıb.

Ç.Hüseynzadə, İ.İsmayılov və F.Hacıyev mərasimdə çıxış edərək komandamızın Olimpiadaya tam hazır olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın Tokio-2020-yə qalib ölkə kimi qatıldığı, idmançılarımızın qələbə qazanacaqları təqdirdə “Zəfər günləri” tədbirinin təşkil olunacağı, yığmamızın ilk dəfə iştirak etdiyi Atlanta Yay Olimpiya Oyunlarının 25 illiyi münasibətilə filmin hazırlandığı da vurğulanıb.

Səfir C.Vada Yaponiyanın Olimpiya Oyunlarına tam hazır olduğunu deyib, Azərbaycanda idmanın inkişafından danışıb və milli komandamızın Olimpiadada uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonda Azərbaycanın Olimpiya komandasının idman geyiminin təqdimatı olub. Azərbaycanın milli-mənəvi dəyərlərinə əsasən hazırlanan geyim dəstlərində milli ornament olan şəbəkədən istifadə edilib. Geyimi modellərlə yanaşı, komandamızın bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 44 idmançı ilə təmsil olunacaq.