Bu gün Tokio-2020-nin açılış mərasimi keçiriləcək

Bu gün Tokio-2020-nin açılış mərasimi keçiriləcək

Bu gün Yaponiyanın paytaxtı Tokioda çoxdandır gözlənilən XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.  Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı qüvvəsini sınayacaq. "Discover Tomorrow" ("Sabahı kəşf et") şüarı ilə təşkil olunacaq olimpiadanın açılışı Yaponiya Milli Stadionunda baş tutacaq.

Mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək Oyunlarda hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq. Yarışlar 41 fərqli idman obyektində gerçəkləşəcək.

İdman dırmanması, karate, skeytbord və sörfinq ilk dəfə olimpiadanın proqramında yer alıb. Bundan başqa, softbol 2008-ci il Pekin olimpiadasından sonra yenidən Oyunlara daxil edilib. Yeri gəlmişkən, yarış iyulun 21-də softbol üzrə qadınlardan ibarət Yaponiya və Avstraliya yığmaları arasında oyunla start götürüb.

Tokio-2020-nin maskotunu məktəbli uşaqlar seçiblər. Seçim prosesi 16 769 məktəb və 205 755 sinfin iştirakı ilə keçirilib. Maskotun adı "Miraitowa", yəni "Gələcək və sonsuzluq"dur. Bu ad insanların qəlbində gələcəyə sonsuz ümidi ifadə edir.

Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 qızıl medal sahibini tapacaq. Diametri 60 millimetr, qalınlığı isə 3 millimetr olan medallar təkrar istehsal əsasında hazırlanıb. Onun bir üzündə italiyalı rəssam Qassolinin çəkdiyi "Zəfər tanrı"sı, digər tərəfində isə təşkilatçı ölkənin emblemi həkk olunub.

Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.

Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb.