Rafiq Hüseynov: “Əsas odur ki, komandaya medal qazandırdım”

Rafiq Hüseynov: “Əsas odur ki, komandaya medal qazandırdım”

“Olimpiya medalını qazandığım üçün çox sevinirəm. Bu, çoxdankı arzum idi. Bütün medallarım var idi, təkcə Olimpiya Oyunlarında medal qazanmamışdım. Olimpiadada hər dəfə iştirak etmək nəsib olmur. Çox şadam ki, bu dəfə Olimpiadada iştirak edə bildim və medal qazandım”.
Bu sözləri yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra media nümayəndələrinə açıqlamasında deyib.
Bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn R.Hüseynov deyib: “Qələbə qələbədir və hər hansı millətdən olan idmançıya fərq qoymuram. Əsas odur ki, medal qazanmışam və çox sevinirəm. Mənim üçün bundan böyük qələbə yoxdur”.
Qələbəsini atasına həsr etdiyini vurğulayan idmançı bildirib: “Təbii ki, bürünc medal qızılın yerini vermir. Amma əsas odur ki, komandaya medal qazandırdım. Adətən güləşçilərdən gözləntilər böyük olur. Komandamızın əsas idmançılarının çıxışları hələ qarşıdadır. İnşallah, qarşıdakı günlərdə digər güləşçilərimiz də medal qazanacaqlar”.
Xatırladaq ki, bu, Olimpiya komandamızın Tokio-2020-də üçüncü bürünc medalıdır. Ölkəmizin aktivinə digər iki bürünc medalı qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıb.