Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.
Azərbaycan Sumo Federasiyasından “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, yarışda 12 ölkəni təmsil edən 150-dən çox idmançı qüvvəsini sınayıb.
Yarışda ölkəmizi Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında Məhərrəm Eyvazov (70 kq) və Cavid Mustafayev (77 kq) təmsil edib. Hər iki sumoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə polşalı sumoçu üzərində də qələbə qazanaraq qızıl medala sahib çıxıb. Digər medalçımız Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək Almaniyada çempion adına layiq görülüb. Komandamız bu nəticə ilə ümumi medal hesabında üçüncü pillədə yer alıb.
Qeyd edək ki, Avropa kubokunda beynəlxalq dərəcəli hakimimiz Rəsul Həsənov ədaləti qoruyub.
Sumoçularımızın Almaniya zəfəri