“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində tədbir keçirilib

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində tədbir keçirilib

Y.Kovalyov adına 229 saylı məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan və Slovakiya mədəniyyət festivalı keçirilib. Azərbaycan-Slovakiya mədəniyyət festivalının iştirakçıları - MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva ilk növbədə Y.Kovalyov adına 229 saylı məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar. Şəhidlərin əziz xatirəsinin anılmasından sonra OCEP çərçivəsində reallaşdırılan festivala start verilib. MOK rəhbərliyinin hesabat-seçki Baş Məclisinin iclasından sonra qatıldığı ilk tədbirin qəhrəmanlarının uşaqlar olması təsadüfi deyil. Bu, MOK-un Olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməsinin göstəricisidir.
Qonaqları Azərbaycan və slovak dillərində salamlayan şagirdlər təbrik sözlərindən sonra 31dekabr - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan festivalın bədii hissəsi başlayıb.
Məktəblilər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.
Festivalda OCEP-in Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitələrinin dəstəyi ilə Bakı-2019 Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində həyata keçirilən ilk və unikal proqram olduğu bildirilib. Qeyd olunub ki, Avropa və Azərbaycan məktəbləri arasında qardaşlaşma və mədəniyyətlərarası mübadilə layihənin əsas komponentlərindən biridir. Mədəniyyət, idman və təhsil təşəbbüsləri vasitəsilə məktəblilər arasında Olimpiya hərəkatı və dəyərlərinin (Hörmət, dostluq və mükəmməllik), həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin təbliğ və təşviq edildiyi OCEP-in birinci mövsümündə 100 mindən çox şagird, 6 mindən çox müəllim cəlb olunub.
Bakı-2019-dan bəhs edən videoçarxın nümayişindən sonra 2022-ci ildə Avropa Gənclərinin Olimpiya Festivalının Slovakiyanın Banska-Bistrika şəhərində keçiriləcəyi haqda məlumat verilib. Proqramın uğurunu nəzərə alaraq Slovakiya Olimpiya Komitəsinin də rəsmi olaraq OCEP-ə qoşulması onu “Banska-Bistrika 2022”nin irsinə çevirmək haqda qərarının əhəmiyyəti xüsusi vurğulanıb. Proqramın ilk mövsümünə olan maraq nəzərə alınaraq Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər tərəfdaşların dəstəyi ilə layihənin bu dəfə Slovakiya ilə paralel şəkildə yenidən Azərbaycanda icra ediləcəyi də bildirilib. Xüsusi qeyd olunub ki, OCEP-in ilk mövsümündən fərqli olaraq, 2022-ci ildən icra ediləcək ikinci mövsümündə qardaşlaşmış məktəblər şəbəkəsinə təkcə Avropadan deyil, dünyanın müxtəlif ölkə və şəhərlərindən də məktəblər qoşula biləcək. Y.Kovalyov adına 229 saylı məktəb bu mötəbər tədbir çərçivəsində AGOF-un yeni ev sahibi Slovakiyanı təmsil edəcək.
Azərbaycan məktəbinin Slovakiyada əməkdaşlıq etdiyi təhsil ocağı isə öz növbəsində məktəblərin səmərəli işbirliyi sayəsində ölkəmizin milli mədəniyyətini təbliğ edəcək və festival çərçivəsində Azərbaycanı təmsil edəcək. Bu isə öz növbəsində mədəni əlaqələr, həmçinin məktəblilər arasında dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, Olimpiya hərəkatının təbliğinin və təşviqinin daha yaradıcı formatda həyata keçirilməsinə mühüm töhfə verir. Məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı, Slovakiya mətbəxinin ləziz təamları ilə tanışlıq, “Xarıbülbül” barədə məlumat, “Yallı” rəqsi, eləcə də slovak rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına özəl səhnələşdirilmiş musiqili-bədii kompozisiya qonaqların böyük marağına səbəb olub.
Beləliklə, təkcə iştirakçılar arasında deyil, həm də BOK və AOK tərəfindən də böyük rəğbətlə qarşılanan OCEP yeni mərhələyə qədəm qoyur.