Qadın güləşçilərimiz xatirə turnirini 2 medalla başa vurdular

Qadın güləşçilərimiz xatirə turnirini 2 medalla başa vurdular

Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə qadın güləşi üzrə Qran-Pri turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan idmançıları turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Komandamıza qızıl medalı Alyona Kolesnik qazandırıb. 59 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz əvvəlcə rusiyalı Yuliya Artışkoya, dörddəbir finalda isə Monqolustan təmsilçisi Şovdur Baatarjava qalib gəlib. İdmançımız yarımfinalda rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə qələbə qazanaraq adını finala yazdırıb.
Həlledici görüşdə isə daha bir rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanan güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bürünc medalı isə yığmamıza Birgül Soltanova (62 kq) qazandırıb. Dörddəbir finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib olub.