Sərbəst və yunan-Roma güləşçilərinin Azərbaycan çempionatı keçiriləcək

 Sərbəst və yunan-Roma güləşçilərinin Azərbaycan çempionatı keçiriləcək

Fevralın 8-dən 10-dək sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçiriləcək. Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında təşkil olunacaq. Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq. Çempionatın proqramına əsasən, fevralın 8-də yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.