Vladimir Litvintsev: “Ayağımdakı zədə məni narahat edirdi”

Vladimir Litvintsev: “Ayağımdakı zədə məni narahat edirdi”

Ölkəmizi Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürənimiz Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının sərbəst proqramında çıxış edib. Hakimlər idmançımızın çıxışını 155.04 xalla qiymətləndiriblər. Beləliklə, iki proqramın cəmində 239,19 xal toplayaran fiqurlu konkisürənimiz yarışı 18-ci pillədə başa vurub.
Yarışlardan sonra Vladimir Litvintsev çıxışı haqda təəssüratlarını bölüşüb. O, yarışa zədəli olduğu üçün ağrıkəsicilərlə çıxdığını bildirib:
“Çıxışımdan çox razıyam. İcra etdiyim hərəkətlərdə heç bir səhvlərə yol vermədim. Amma bu hərəkətləri yüksək səviyyədə yerinə yetirmək üçün daha çox məşq etmək lazımdır.
Ayağımdakı zədə məni narahat edirdi. Buna görə də çıxışımdan əvvəl ağrıkəsicidən istifadə etdim. Məhz bu səbəbdən də ağrılar elə də hiss olunmadı. Çalışacağam ki, bu zədəmi tamamilə bərpa edim”.
V.Litvintsev həmçinin fevralın 15-də Pekin-2022-də çıxış edəcək digər təmsilçimiz Yekaterina Ryabovaya da uğurlar arzulayıb. “İndi növbə Yekaterinanındır. Ona uğurlar arzulayıram. İnanıram ki, o, öz möhtəşəm çıxışı ilə hər birimizi sevindirəcək”, - deyə Vladimir Litvintsev bildirib.