Gənc boksçuların Azərbaycan birinciliyinə yekun vuruldu

Gənc boksçuların Azərbaycan birinciliyinə yekun vuruldu

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 176 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. Federasiya prezidenti 86 kq çəki dərəcəsində ilk 3 yerin sahibini və birinciliyin ən yaxşı boksçusu Fətəli İsmayılovu mükafatlandırıb.
Həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” idman klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin idman cəmiyyəti (12) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayev isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.