Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
Fevralın 14-dən 17-dək Azərbaycan Dövlət Tibb Universitetinin idman zalında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib. 4 gün davam edən yarışa 100 (60 kişi və 40 qadın) idmançı qatılıb. 12 kişi və 7 qadın komandasının mübarizə apardığı turnirdə Bakının "Təhsil” RİM, "Neftçi” İSM, "Aztelekom” İB, Bakı Tennis Məktəbinin komandaları ilə yanaşı, Sumqayıt, Şəki, Gədəbəy, Şirvan, Salyan, Samux, Ağsu, Balakən və Şabranı təmsil edən komandalar mübarizə aparıb. Tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində iştirak ediblər. 
Kişilər arasında keçirilən komanda yarışlarında "Təhsil” RİM (Bakı) turnirin qalibi adına layiq görülüb. "Təhsil” RİM-in Sumqayıt filialı ikinci, "Neftçi” İSM (Bakı) isə üçüncü yerlə kifayətlənib.
Qadınlar arasında keçirilən komanda yarışlarında isə "Aztelekom” İB birinci, "Neftçi” İSM ikinci, "Təhsil” RİM-in Sumqayıt filialı üçüncü yeri tutub.
Kişilər arasında qoşa yarışlarda Ramil Cəfərov ("Təhsil” RİM) - Hilal Həsənov cütlüyü (Bakı Tennis Məktəbi) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Əli Bayramov ("Təhsil” RİM) - Anar Məmmədov ("Neftçi” İSM) cütlüyü ikinci, Rüstəm Əliyev ("Təhsil” RİM Sumqayıt) - Vüqar İbrahimov ("Neftçi” İSM) cütlüyü isə üçüncü yerə sahib olublar. Qadınlar arasında keçirilən qoşa yarışlarında Zərif Əliyeva - Rüfət Quliyeva ("Aztelekom” İB) cütlüyü çempionatın qalibi adını qazanıb.
Səbinə Əhmədova ("Aztelekom” İB) - Məryəm İmanova("Təhsil” RİM Sumqayıt) cütlüyü ikinci, Könül Mikayılova - Roza Moiseyeva ("Neftçi” İSM) cütlüyü isə üçüncü yeri tutublar. Qoşa qarışıq yarışlar da isə Hilal Həsənov (Bakı Tennis Məktəbi) - Səbinə Əhmədova ("Aztelekom” İB) cütlüyü bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Ramil Cəfərov ("Təhsil” RİM Bakı)- Sahilə Xudiyeva (Qaradağ UGİM) və Rüfət Quliyeva ("Aztelekom” İB) - Xəyal Həşimli ("Təhsil” RİM Sumqayıt) cütlüyü ikinci, üçüncü yerləri bölüşüblər.
Kişilər arasında keçirilən şəxsi yarışlarda Fərhad İsmayılov "Təhsil” RİM (Bakı) I, Rüstəm Əliyev "Təhsil” RİM (Sumqayıt) II, Əli Bayramov "Təhsil” RİM (Bakı) isə III yerə sahib çıxıblar.
Qadınlar arasında keçirilən şəxsi yarışlarda Səbinə Əhmədova ("Aztelekom” İB) turnirin qalibi adını qazanıb. II və III yerləri də, müvafiq olaraq, "Aztelekom” İB-in raket ustaları Rüfət Quliyeva və Zərif Əliyeva tutublar. Qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim edilib.