Qadın güləşçilərimiz Plovdivdə 2 medala sahib çıxdılar

Qadın güləşçilərimiz Plovdivdə 2 medala sahib çıxdılar

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Qadın güləşçilərimiz qitə birinciliyində 2 medala sahib çıxıblar. Komandamıza medalları Elnurə Məmmədova (55 kq) və Nigar Mirzəzadə (68 kq) qazandırıb.
Mübarizəyə 1/4 finaldan başlayan Elnurə Məmmədova (55 kq) slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans verməyib - 11:4. Beləliklə, finala yüksələn E.Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxıb. Bu görüşdə güclü rəqibinə məğlub olan E.Məmmədova gümüş medala sahib çıxıb.
Komandamızın digər üzvü Nigar Mirzəzadə (68 kq) də yarışa 1/4 finaldan başlayıb. İlk görüşdə slovakiyalı Olqa Maslovskanı üstələyən güləşşimiz yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb - 6:0. N.Mirzəzadə bürünc medal uğrunda qarşılaşmada ispaniyalı Marta Navarroyla güləşib və rəqibini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Komandamızın digər üzvü Şəhanə Nəzərova (50 kq) isə Avropa çempionatını beşinci pillədə başa vurub.