Boks üzrə Azərbaycan birinciliyi başa çatdı

Boks üzrə Azərbaycan birinciliyi başa çatdı

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qüvvəsini sınayıb. Birinciliyə Boks Mərkəzində keçirilən həlledici final görüşlərlə yekun vurulub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra final qarşılaşmalarına start verilib. Final görüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. O, 57 kq çəki dərəcəsində ilk 3 yerin sahibini, birinciliyin ən yaxşı boksçusu Məhəmmədəli Qasımzadəni və yarışın ən yaxşı məşqçisi Nurlan Məmmədovu (Lənkəran) mükafatlandırıb.
Həlledici döyüşlərdə qalib gələn Bilal Nəzərov, Faiq Mollayev, Vaqif Hacıyev, Tağı Nəsibov, İbrahim Zeynalov, Ömər Aslanlı, Məhəmmədəli Qasımzadə, Murad Seyidli, Məhəmməd Quliyev, Ziya Həsənov, Ayxan Əliyev, Özcan Rəsulzadə, İlfan Xəlilli və Bayram Əhədov çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında qalibi adını 85 xalla “Təhsil” Respublika İdman Mərkəzi qazanıb. İkinci pilləyə “Neftçi” (24 xal), üçüncü yerə isə “Qızıl Əlcək” (16) komandası layiq görülüb.
Çempionatda “Ən yaxşı boksçu” adına Məhəmmədəli Qasımzadə, “Ən texnikalı idmançı” adına Tağı Nəsirov layiq görülüblər. Ceyhun Əbiyev “Ən yaxşı hakim”, Nurlan Məmmədov (Lənkəran) isə “Ən yaxşı məşqçi” adına sahib olublar.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.