Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub. İlin ilk ciddi sınağında Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Komandalarımız qitə çempionatında güləşin hər üç növündə təmsil olunub. Yarış pəhləvanlarımız üçün uğurlu olub. Ən uğurlu nəticəni isə sərbəst güləşçilərimiz əldə ediblər. Belə ki, yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 4 qızıl, 3 gümüş medal qazanaraq tarixi uğura imza atıb. Sərbəst güləş üzrə komandamız bu nəticə ilə Avropa çempionu adını qazanıb.
Komandamızın üzvlərindən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 7 medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.
Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisi hesab olunur.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi də Plovdivdə uğurla yarışıb. Qitə birinciliyində böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında iştirak edən klassiklərimiz yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa çempionatında iştirak edən Azərbaycanın 6 yunan-Roma güləşçisindən beşi fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qitə çempionu olub. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub. Güləşçilərimiz bu nəticə ilə 102 xalla komanda hesabında qitə üçüncüsü olublar. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.
Azərbaycanın qadın güləşi üzrə milli komandası isə Avropa çempionatını 4 medalla tamamlayıb. Komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medala yiyələniblər.
Sərbəst güləş yığmamızdan tarixi nəticə