KİV nümayəndələri atıcılıq yarışında mübarizə aparıblar

KİV nümayəndələri atıcılıq yarışında mübarizə aparıblar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII atıcılıq turniri keçirilib. Yarışda hər birinin heyətində 3 nəfər olmaqla 13 media komandası mübarizə aparıb. Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-leytenant Zaur Abdullayev çıxış edib. O, çıxışında ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik konsepsiyası və müasir hərb quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib. “2020-ci il sentyabrın 27-də düşmənin təmas xəttində növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum əməliyyatı dövlətimizin və ordumuzun gücünü, xalqımızın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi zəfərin qazanılmasında mühüm rol oynadı. Ölkə rəhbərliyi başda olmaqla cəmiyyətin hər bir üzvü qələbəyə səfərbər oldu. Eyni zamanda düşmənlə informasiya müharibəsində də üstünlük qazanıldı. Prezident İlham Əliyev dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə ilə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları məğlub etdi”, - deyə Zaur Abdullayev bildirib.

Z.Abdullayev çıxışında Vətən müharibəsi dövründə ölkə mediasının kifayət qədər məhsuldar fəaliyyət göstərdiyini, düşmənin mülki əhalini, iri yaşayış məntəqələrini hədəfə alaraq qadağan edilmiş silahlardan istifadə etməklə törətdiyi hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu da vurğulayıb. O, qeyd edib ki, SHXÇDX mətbuatla əməkdaşlığa hər zaman önəm verir, ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması, müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinin işıqlandırılması istiqamətində KİV-in fəaliyyəti yüksək qiymətləndirilir. Zaur Abdullayev çıxışının sonunda ümummilli liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara uğurlar arzulayıb.

Media nümayəndələri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib.

2 mərhələdən ibarət olan yarışda birinci yeri “Report” İnformasiya Agentliyinin komandası tutub. “Azpress.az” saytının komandası ikinci, “Səs” İnformasiya Agentliyinin komandası isə üçüncü yerlə kifyətlənib.

Qaliblər kubok, medal, diplom və pul mükafatları ilə təltif olunublar.

KİV nümayəndələri atıcılıq yarışında mübarizə aparıblar