Millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı

Millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandamız Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb. Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində B qrupunda mübarizəyə başlayan millimiz Kipr, Lüksemburq və Andorra komandaları ilə qarşılaşıb. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə üz-üzə gəlib və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.
Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. 
Komandamız seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Yığmamız oyundan 15-13 hesablı qələbə ilə ayrılıb və adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydandan 20-16 hesablı qələbə ilə ayrılıb. Bununla da, yığma komandamız sentyabrın 9-11-də Avstriyanın Qratz şəhərində təşkil olunacaq  Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.