Stolüstü tennisçilər Bakı kubokunda yarışıblar

Stolüstü tennisçilər Bakı kubokunda yarışıblar

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub. Turnirdə 40 idmançı iştirak edib.

Kişilər arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Fatehi ikinci, Xəyal Həşimli üçüncü yeri tutublar.

Qadınların fərdi yarışında isə Ləman Abdulhəmidova və Rüfət Əliyeva, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Xədicə Əsilzadə isə üçüncü yerlə kifayətlənib.

Kişilərin qoşa yarışlarında Xəyal Həşimli və Rüstəm Əliyev turnirin qalibi olublar. Rüfət Hacılı - Seymur Bağıyev dueti yarışı ikinci, Emin Məmmədov - Kənan Pənahov cütlüyü isə ilk üçlüyü tamamlayıblar.

Qadınların qoşa yarışlarında Xədicə Əsilzadə və Şəbnəm Mansurova bütün rəqiblərindən üstün olublar. Səbinə Məmmədova - Jalə Quliyeva ikinci, Ülkər Quliyeva - Fatimə Şirəliyevadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar.

Qoşa qarışıq yarışlarda Rüstəm Əliyev - Xədicə Əsilzadə cütlüyü qızıl medal qazanıb.

Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.