Azərbaycan çempionatına yekun vurulub - FOT

Azərbaycan çempionatına yekun vurulub - FOT

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb. Yeddi gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Boks Federasiyasının prezidenti Sahil Babayev, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, “Zirə” futbol klubunun və Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl da izləyiblər.
Mükafatlandırmadan əvvəl F.Qayıbov və S.Babayev gənclər və yeniyetmələr arasında Avropa birinciliyində, eyni zamanda qadınlar arasında qitə çempionatında uğur qazanmış boksçularla görüşüb.
Ardınca rəsmi qonaqlar 48, 51, 54, 57 və 60 kiloqram çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar. Həmçinin Boks Federasiyasının prezidenti Azərbaycan çempionatını idarə etmək üçün Türkiyə və Özbəkistandan dəvət edilən hakimlərə sertifikat verib.
Həlledici döyüşlərdə qalib gələn Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” klubu 46 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, üçlüyü MOİK (18) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Rəşid Həsənov layiq görülüb. Nəsrəddin Məmmədov ən yaxşı hakim, İlham Əlimzanov isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
 

Azərbaycan çempionatına yekun vurulub - FOT Azərbaycan çempionatına yekun vurulub - FOT