Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verilib. Azərbaycan Velosiped Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi turnirin birinci mərhələsi veloparkda başlayıb.
Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Velosipedçilər 150 kilometr məsafə qət edərək, Şamaxı rayonunda finiş xəttini keçəcəklər. Yarışın bu mərhələsinin sonunda günün qalibləri mükafatlandırılacaq.
İyunun 11-dək davam edəcək yarışda 14 ölkədən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.