Nəriman Abdullayev: “Rəqiblərə baxsaq, yarış bizim üçün heç də asan olmayacaq”

Nəriman Abdullayev: “Rəqiblərə baxsaq, yarış bizim üçün heç də asan olmayacaq”

“Komandamız Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb”.

Bu sözləri olimpnewsa açıqlamasında boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, komandamızın heyətində elə bir ciddi dəyişikliyin olmadığını bildirib.

“Yarışa hazırlıq məqsədi ilə Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışında olduq. Hazırlıqdan sonra isə həmin ölkədə beynəlxalq turnirdə iştirak etdik. Qazaxıstandan əvvəl isə Polşada beynəlxalq turnirdə çıxış etdik və komandamız gözəl mübarizə ilə yadda qaldı. Sonuncu dəfə isə İtaliyada bir neçə ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışında olduq. Bütün bu hazırlıqlardan sonra III Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirdik. Komandamızın heyətində elə də ciddi dəyişiklik yoxdur. Polşadakı yarışda 7 kişi boksçu ilə təmsil olunacağıq. Heyətdə Alfonso Domingez, Məhəmməd Abdullayev və Məsud Yusifzadə kimi lider boksçularımız var. Əksəriyyəti düşünə bilər ki, Rusiya və Belarus idmançılarının olmaması bizim işimizə yarayacaq. Həmin ölkələrin olmaması o demək deyil ki, yarış bizim üçün asan keçəcək. Əksinə, bu gün bütün ölkələrdə boks idman növü yüksək səviyyədə inkişaf edib. Bəzən görürsən ki, ən zəif ölkənin boksçuları belə kubalı idmançılara qalib gəlirlər. Bir sözlə, bu idman mübarizəsidir, bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Əsas rəqiblərimiz isə İngiltərə, İtaliya və İrlandiya boksçularıdır. Biz sonuncu təlim-məşq toplanışlarında həmin idmançılarla birgə hazırlıq keçdik. Onların döyüş üslubunu yaxından izlədik, hazırlıq prosesini çəkib özümüz üçün təhlillər apardıq. Rəqiblərə baxsaq, yarış bizim üçün heç də asan olmayacaq. Amma çalışacağıq ki, bizə olan ümidləri doğruldaq. İnanıram ki, bundan əvvəlki Avropa Oyunlarında olduğu kimi, boksçularımız Vətənə medallarla qayıdacaqlar”, - deyə Nəriman Abdullayev bildirib.