Stolüstü tennisçilər ölkə kubokunda yarışırlar

Stolüstü tennisçilər ölkə kubokunda yarışırlar


Oktyabrın 30-da stolüstü tennis üzrə Azərbaycan kuboku start götürdü. Azərbaycan Tibb Universiteninin idman zalında keçirilən turnirdə 13 komandanın tərkibində ümumilikdə 100-ə yaxın idmançı yarışır. Turnirdə Bakının «Təhsil» RİM, «Neftçi» İSM, Bakı Tennis Məktəbi, «Aztelekom», Azərbaycan Tibb Universiteti ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan, Balakən, Şəki və Samux rayonlarının idmançıları da mübarizə aparırlar. Qeyd edək ki, yarışda Bakı Tennis Məktəbi 2, Sumqayıt isə 3 komanda ilə təmsil olunur. Proqrama əsasən, ölkə kubokunun ilk günündə komanda yarışları keçirilib. Tennisçilər oktyabrın 31-də şəxsi, növbəti günlərdə isə qoşa və qarışıq qoşa yarışlarda bacarıqlarını nümayiş etdirəcəklər. Ölkə kubokunun təşkil olunmasında əsas məqsəd yığma komandanın heyətini müəyyən etməkdən ibarətdir. Baş hakim Könül Mikayılovanın idarə etdiyi yarışlara noyabrın 2-də yekun vurulacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.