Stolüstü tennis üzrə Azərbaycan kuboku başa çatıb

Stolüstü tennis üzrə Azərbaycan kuboku başa çatıb

Stolüstü tennis üzrə Azərbaycan kubokuna yekun vurulub. Azərbaycan Tibb Universiteninin idman zalında keçirilən turnirdə 13 komandanın tərkibində ümumilikdə 100-ə yaxın idmançı iştirak edib. 4 gün davam edən yarışda Bakının "Təhsil” RİM, "Neftçi” İSM, Bakı Tennis Məktəbi, "Aztelekom” İB, Azərbaycan Tibb Universiteti ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan, Balakən, Şəki və Samux rayonlarının idmançıları da qalib adı uğrunda mübarizə aparıblar. Qeyd edək ki, turnirdə Bakı Tennis Məktəbi 2, Sumqayıt isə 3 komanda ilə təmsil olunub. Proqrama əsasən, ölkə kubokunun ilk iki günündə komanda və şəxsi yarışlar keçirilib.
Kişilər arasında keçirilən komanda yarışlarında Bakının "Təhsil” RİM komandası birinci yerə layiq görülüb. Sumqayıt tennisçiləri ikinci, Bakı Tennis Məktəbinin təmsilçiləri isə üçüncü olublar. Qadınlar arasında keçirilən komanda yarışında "Aztelekom” İB fərqlənib. İkinci və üçüncü yerə isə Sumqayıt komandasının I və II komandaları layiq görülüblər.

Şəxsi yarışlarda Hilal Həsənov (Bakı Tennis Məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rüstəm Əliyev (Sumqayıt) ikinci, Ramil Cəfərov ("Təhsil” RİM, Bakı) üçüncü yeri tutub. Qadınların şəxsi yarışında isə "Aztelekom” İB-in təmsilçiləri Səbinə Əhmədova və Rüfət Quliyeva, müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Sumqayıt tennisçisi Məryəm İmanova üçüncü yerlə kifayətlənib. Qoşa yarışlarda da qaliblər müəyyənləşib. Kişilər arasında keçirilən yarışda Hilal Həsənov - Ramil Cəfərov cütlüyü turnirin qalibi olub. Rüstəm Əliyev - Xəyal Həsənli və Anar məmmədov - Nurlan Həsənov cütlükləri isə iknci və üçüncü yerləri tutublar. Qadınların qoşa yarışlarında Səbinə Əhmədova - Məryəm İmanova cütlüyü bütün rəqiblərindən üstün olub. Rüfət Quliyeva - Zərif Əliyeva ikinci, Dinarə Məmmədova - Şərmin Şirinovadan ibarət cütlük isə yarışları üçüncü pillədə başa vurublar. Qoşa qarışıq yarışlarda Səbinə Əhmədova - Sənan Əliyev cütlüyü turnirin qalibi adını qazanıb. Məryəm İmanova - Ramil Cəfərov cütlüyü ikinci, Dinarə Məmmədova - Anar Məmmədov cütlüyü isə üçüncü yerlə kifayətləniblər.
Məlumat üçün qeyd edək ki, ölkə kubokunun təşkil olunmasında əsas məqsəd yığma komandanın heyətini müəyyən etməkdən ibarət olub. Qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.