Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına (II mərhələ) yekun vurulub. Turnirin son günündə yarımfinal və final oyunları keçirilib. Qadınların finalında "Azərreyl" (Fidan Əhmədxanova-Larisa Smeltsova) və "Azərreyl-1" (Lizi Latsabidze-Nərmin Musayeva) komandaları üz-üzə gəliblər. Maraqlı keçən görüşdə Fidan Əhmədxanova-Larisa Smeltsov cütü 2:0 hesabı ilə qələbə qazanaraq çempion olub. Bürünc medala isə "Xarıbülbül" (Seyidxanım Rüstəmova-Əfsanə Həsənova) komandasını məğlub edən "Azərreyl-3" (Aytac Bayramlı-Ayşə Hüseynova) sahib çıxıb.
Kişilərin həlledici qarşılaşması “Neftçi-1” (Vüqar Bayramov-Ülvü Rəcəbli) və “Neftçi-2” (Vadim Kutukov-Heydər Məmmədli) komandaları arasında baş tutub. Bu matçda 2:0 hesabı ilə qalib gələn "Neftçi-1" yarışın qızıl medallarını qazanıb. “Neftçi” (Tural Həsənli-Cavid Süleymanov) komandasına qalib gələn “Azərrey” (Elmin Alışanov-Asif Əliyev) isə çempionatda üçüncü yeri tutub.
Su İdmanı Sarayında təşkil olunan oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomları federasiyanın baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Qeyd edək ki, 15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışın reqlamentinə uyğun olaraq kişilərin yarışına 16 komanda təsnifat mərhələsindən başlayıb. Bunlardan ən güclü 8 cüt əsas mərhələyə yüksəlib. Reytinqi yüksək olan digər 8 komanda isə əsas mərhələdən birinciliyə qoşulub. Qadınların mübarizəsində isə 15 komanda birbaşa əsas mərhələdə çıxış edib.
Birinciliyin əsas mərhələsində 15 qadın və 16 kişi cütü iştirak edib və oyunlar olimpiya sistemi ilə keçirilib.
Xatırladaq ki, ölkə çempionatının I mərhələsi 24-27 iyun tarixlərində baş tutub.