Boksçularımız Avropa kubokunda iştirak edirlər

 Boksçularımız Avropa kubokunda iştirak edirlər

Oktyabrın 8-də Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kubokuna start verilib. Altı gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparır. Komandamız beynəlxalq turnirdə baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 10 idmançı ilə təmsil olunur.

Boksçularımızdan Şamil Əskərov turnirə qələbə ilə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü türkiyəli Batuhan Çiftçini mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Ş.Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də keçiriləcək.

Rauf Rəhimov (92 kq) isə Emmanuel Reyeslə (İspaniya) qarşılaşıb və rəqib mərhələ adladığından Azərbaycan təmsilçisi yarışla vidalaşıb.

Qeyd edək ki, 29 ölkədən 156 boksçunun iştirak etdiyi Avropa Kubokunun final döyüşləri oktyabrın 14-də keçirilcək.