Ölkə kubokunun qalibləri müəyyənləşdi

Ölkə kubokunun qalibləri müəyyənləşdi

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna yekun vurulub. 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların iştirak etdiyi yarışda iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə qalib adı uğrunda mübarizə aparıblar. 2005-2008-ci il təvəllüdlü oğlan və qızların komanda yarışları “Sumqayıt-1”in qələbəsi ilə yadda qalıb. Şəxsi mübarizədən Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. Qoşa yarışlarda Mərziyyə Nurmətova – Arzu Aslanova, Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi, qarışıq-qoşa turnirdə isə Mərziyyə Nurmətova – Adil Əhmədzadə dueti qalib gəlib.

2009-cu il təvəllüdlü və ondan kiçik idmançıların komanda yarışları “Təhsil” kollektivinin qələbəsi ilə başa çatıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi mübarizədə bütün rəqiblərini üstələyiblər. Şəbnəm Mansurova ilə Aynur Ağayeva qızların, Şakir Qədirovla Tunar Bağırov oğlanların qoşa yarışında qələbə çalıblar. Qarışıq-qoşa turnir isə Onur Quluzadə - Yağmur Məmmədli tandeminin qələbəsi ilə nəticələnib.

Fərqlənən idmançılar Gənclər və İdman Nazirliyinin diplomlarına, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatlarına layiq görülüblər.