Stolüstü tennisçilər şəhər birinciliyində yarışıblar

Stolüstü tennisçilər şəhər birinciliyində yarışıblar

Şəkidə stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib. Şəki şəhər Gənclər və İdman İdarəsinin, təqvim planına daxil olan yarışda ali, orta ixtisas və peşə məktəblərinin qız və oğlan komandaları mübarizə aparıblar.

Yarışı giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi V.İskəndərov bütün komandalara uğurlar arzulayıb. O, yarışın keçirilmə məqsədinin, stolüstü tennisin kütləviliyinin artırılmasından, perspektivli idmançıları aşkar edərək, şəhərin yığma komandasının tərkibinə cəlb etməkdən ibarət olduğunu qeyd edib.
İdman Sağlamlıq Mərkəzində keçirilən yarışların baş hakimi M.Vahabov olub. Oğlan komandaları arasında keçirilən yarışda Texniki Kollecin komandası I yerə layiq görülüb. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şəki filialı ikinci, Pedaqoji Kollecin komandası üçüncü yerlə kifayətlənib. Qız komandalarının mübarizəsində isə Pedaqoji Kollecin komandası yarışların qalibi olub. Musiqi Kolleci II, AMİ-nin Şəki filialının komandası isə III yeri tutub. Qalib komandalar idarənin diplomları ilə təltif olunublar.