Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar

Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışda komandamız güləşin hər üç növündə ümumilikdə 14 idmançı ilə təmsil olunub.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə pəhləvanlarımız yunan-Roma güləşində 4, qadın güləşi və sərbəst güləş üzrə yarışlarda isə 5 idmançı ilə mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız turnirin son günündə mübarizəyə başlayan sərbəst güləşçilərimiz ümidləri doğruldub. Belə ki, milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) doğma azarkeşlər önündə uğurla çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Əliabbas Rzazadə ilk görüşdə italiyalı Simone Piroddunu məğlub edib -11:0. növbəti mərhələdə türkiyəli Süleyman Atlıya 6:0 hesabı ilə qalib gələn Ə.Rzazadə həlledici görüşdə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının mübarizəsindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılaraq Paris Olimpiadasında iştirak etmək hüququ əldə edib.

65 kq çəki dərəcəsində qüvvəsini sınayan sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev də mübarizəyə təsnifat mərhələsindən başlayıb. İlk görüşdə Xamzat Arsamerzoyevi 5:2 hesabı ilə məğlub edən üçqat dünya və dördqat Avropa çempionumuz növbəti mərhələdə Niurqun Skriabinlə (AİN) qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn ikiqat Olimpiya mükafatçımız yarımfinalda da uğurlu çıxışını davam etdirib. Həlledici görüşdə Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələn Hacı Əliyev ardıcıl üçüncü dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Titullu güləşçimiz buna qədər Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

Komandamızın digər üzvü Turan Bayramov da yarışa təsnifat mərhələsindən başlayıb. İlk görüşdə Tobias Portmannı (İsveçrə) 10:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Zurab Karpayevdən (Rumıniya) güclü olub -5:1. Pəhləvanımız yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizo ilə qarşılaşıb. Görüş 8:8 hesabı ilə yekunlaşsa da xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub və Paris-2024-ə lisenziya əldə edib.

Çəkisi 86 kq olan sərbəst güləşçilərin mübarizəsində qüvvəsini sınayan Osman Nurmaqomedov təsnifat mərhələsində Domantas Pavluçenkoya (Litva) 9:0, növbəti mərhələdə isə Samuel Şerrerə (İsveçrə) 5:0 hesabı ilə qalib gəlib. 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanovdan 6:2 hesabı ilə üstün olan güləşçimiz yarımfinalda ukraynalı Vasili Mixaylonu məğlub edib -4:1. Pəhləvanımız bununla da Paris Olimpiadasına lisenziya qazanıb.

Avropa Olimpiya Təsnifat turnirində çıxış edən sonuncu sərbəst güləşçimiz Georgi Meşvildişvilinin də çıxışı uğurlu alınıb. 125 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/4 finalda İtaliya təmsilçisi Abraham Konyedoya 10:0 hesabı ilə qalib gəlib. Yarımfinalda bolqarıstanlı Alen Xubulovu 7:0 hesabı ilə məğlub edən güləşçimiz Paris-2024-ə lisenziya qazanıb.

Beləliklə, Avropa Olimpiya Təsnifat turnirində 5 sərbəst güləşçi ilə təmsil olunan komandamızın hər bir üzvü finala vəsiqə qazanmaqla Paris Olimpiadasında iştirak etmək hüququna yiyələnib. 

Məlumat üçün bildirək ki, güləşçilərimiz dünya çempionatı və Avropa Olimpiya Təsnifat turnirindən sonra Paris-2024-ə 8 lisenziya əldə edib. Buna qədər isə klassiklərimizdən Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), sərbəst güləşçilərimizdən isə Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya qazanmışdı.

Bununla da, Azərbaycan idmançılarının Paris-2024-ə qazandığı lisenziyaların sayı 16-ya çatıb.

Xatırladaq ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma və qadın güləşçilərimiz ümidləri doğrultmayıblar.

Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar Pəhləvanlarımız Avropa Olimpiya Təsnifat turnirində Paris-2024-ə 5 lisenziya qazandılar