Azərbaycan çempionatının ilk mərhələsi yekunlaşdı 

Azərbaycan çempionatının ilk mərhələsi yekunlaşdı 

Kişi voleybolçuların Azərbaycan çempionatının (Yüksək Liqa) ilk mərhələsi başa çatıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün son tur çərçivəsində iki qarşılaşma təşkil olunub. “Murov Az Terminal” Voleybol Klubunun idman zalında təşkil olunan “Neftçi” və MOİK görüşündə birincilər 3:0 hesablı qələbə qazanıblar.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda isə “Murov Az Terminal” və “Azerreyl” kollektivləri üz-üzə gəliblər. Turnir cədvəlində birinci yerin sahibini müəyyən edən qarşılaşma gərginliyi ilə yadda qalıb. Oyun “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da ilkin mərhələni lider kimi başa vuran “Azərreyl”, ikinci olan “Murov Az Terminal” və üçüncü pillədəki “Neftçi” klubları pley-offa yüksəliblər. Pley-off mərhələsinə növbəti vəsiqəni qazanan dördüncü komanda isə MOİK olub. Belə ki, çempionatdakı oyunlarının dekabr ayından təxirə salınması ilə bağlı müraciət edən “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları bu günə kimi AVF-yə rəsmi olaraq fəaliyyətlərinin dayandırılmasına dair heç bir məlumat verməyiblər. Bu səbəbdən həmin komandaların çempionatdakı bütün qarşılaşmalarında rəqiblərinə texniki qələbə verilib.

Beləliklə, altı dövrənin nəticələrinə görə, yarımfinalda ilkin mərhələnin birincisi olan “Azerreyl” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Murov Az Terminal” isə üçüncü yeri tutan “Neftçi” ilə qarşılaşacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

 

Azərbaycan çempionatının ilk mərhələsi yekunlaşdı  Azərbaycan çempionatının ilk mərhələsi yekunlaşdı