Azərbaycan birinciliyinin bürünc mükafatçıları müəyyənləşdi

Azərbaycan birinciliyinin bürünc mükafatçıları müəyyənləşdi

16 yaşadək qız və oğlan voleybolçuların Azərbaycan birinciliyində bürünc medalçılar müəyyənləşib. 

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, GİN-nin Voleybol Mərkəzində üçüncü yer uğrunda keçirilən oyunlarda ilk olaraq oğlanlardan ibarət “Sumqayıt RVK” və “Oğuz RVK” komandaları üz-üzə gəlib. Maraqlı keçən bu görüşdə Sumqayıt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib çıxıb.

Qızların mübarizəsində isə üçüncü yerin sahibini “Sumqayıt RVK” və “Abşeron” komandaları müəyyənləşdirib. Gərginliyi ilə yadda qalan bu matçda “Sumqayıt RVK” 3:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, bu komandalara bürünc medallar mayın 4-də yarışın final oyunlarından sonra keçiriləcək mükafatlandırma mərasimində təqdim ediləcək.