Dünya Olimpiya Təsnifat Turnirində 9 güləşçimiz mübarizə aparacaq

Dünya Olimpiya Təsnifat Turnirində 9 güləşçimiz mübarizə aparacaq

Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.

Ölkəmiz mayın 9-13-də təşkil olunacaq yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunacaq.

Yunan-Roma güləşi üzrə yığmamızın heyətində Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alacaqlar.

Qadınların mübarizəsində isə Maria Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.

Yarışda ümumilikdə 54 lisenziya öz sahibini tapacaq. Reqlamentə əsasən, hər çəkidə finala çıxanlar və bürünc medalçılar arasında pley-off görüşünün qalibi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar.