Dekabrın 18-də Respublika Olimpiya Mərkəzində «Təhsil» Uşaq Gənclər Futbol Məktəbinin (UGFM) atletika üzrə yarışı keçirildi. Tədbirin açılış mərasimində çıxış edənlər gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə yarışların keçirilməsini yüksək qiymətləndirdilər. Məktəbin direktoru Fərid Heydərli bildirdi ki, bu yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin idmanın kütləviliyinə nail olmaqdır: «Hesab edirəm ki, belə tədbirlərin müntəzəm keçirilməsi çox vacibdir. Hamımız çalışmalıyıq ki, yeniyetmə və gənclərin kütləvi şəkildə idmana cəlb olunmasını təmin edək.
«Təhsil» Uşaq Gənclər Futbol Məktəbinin «Narkomaniyaya yox deyək!» devizi altında təşkil etdiyi bu yarış nümunəvi xarakter daşıyır. 60 idmançının mübarizə apardığı bu yarışın əsas məqsədi yeniyetmə və gənclərin narkomaniyadan, eləcə də digər pis vərdişlərdən uzaqlaşdırılmasıdır. Biz gələcəkdə də belə turnirlərin təşkil edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik».
Yarışda UGFM-in atletika bölməsinin idmançıları nüvəitələmə, müxtəlif məsafələr üzrə qaçış, üçtəkanla tullanma və hündürlüyə tullanma növlərində güclərini sınadılar. Qaliblərə məktəbin kubok və diplomları təqdim edildi.