Mayın 19-dan 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 100 ölkədən 685 (363 kişi, 322 qadın) cüdoçunun mübarizə aparacağı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar.
Komandamız yarışda 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə, yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.
Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Komandamızı qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) və Acelya Toprakla (57 kq) təmsil olunacaq. Kişilərin yarışında isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq) iştirak edəcək.