Mayın 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə R.Nəbiyev komandanı, xüsusilə Hidayət Heydərov və Zəlim Kotsoyevi Əbu-Dabidə keçirilən dünya çempionatında qazandıqları qızıl medallar münasibətilə təbrik edib. O, dünya çempionatında 2 qızıl medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb.
ACF prezidenti bu əlamətdar nəticənin əldə edilməsində ölkə rəhbərliyinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının əsas və önəmli rol oynadığını qeyd edib. Həmçinin bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər iki idmançımızı təbrik etməsi onları Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələr hədəfləməyə ruhlandırıb.
R.Nəbiyev bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Federasiyanın fəaliyyəti təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, Federasiyanın təşəbbüsü ilə həyata keçirilən “Qızlara Ağ Yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.
Görüş zamanı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, Olimpiya Oyunlarına yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakıda, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcəklər. Məlumat verildi ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların qarşıdakı Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmasını təmin etmək üçün nəzərdə tutulub.
R.Nəbiyev yekunda qarşıdan gələn “Paris 2024” Olimpiya Oyunlarında milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.