İdman təşkilatlarına tennis stollarını əldə etmək üçün sertifikatlar verildi

İdman təşkilatlarına tennis stollarını əldə etmək üçün sertifikatlar verildi


Bugünlərdə Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Stolüstü Tennis Federasiyasının konfransı keçirildi.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman idarəsinin rəisi Mirkamil Rəhimov, Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev, Gənclər və idman nazirliyinin sektor müdiri Nicat Həsənov iştirak etdilər. Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq idmançılarımızın qazandıqları nailiyyətlərdən söz açdı: "2013-cü il Azərbaycan idmanı üçün çox uğurlu il oldu. İdmançılarımızın iştirak etdikləri beynəlxalq yarışlarda 800-dək medal qazanmağı bacardılar. Bu il həmçinin ölkəmiz 57 beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Bu yarışlar çox yüksək səviyyədə təşkil olundu. Qarşıdakı illərdə də Azərbaycanda bir sıra idman tədbirləri təşkil olunacaq. 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. İnanıram ki, bu yarışlarda, digər idman növləri ilə yanaşı, stolüstü tennisçilərimiz də uğurla iştirak edəcəklər. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də idman infrastrukturu təkmilləşdirilir və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır”.
Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev tədbir iştirakçılarına konfransın mahiyyəti barədə məlumat verdi. O, stolüstü tennis idman növünə bütün yaş təbəqələrinin böyük maraq göstərdiyini bildirdi.
Məlumat üçün qeyd edək ki, federasiya tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Almaniyanın "Tibhar” firmasının istehsalı olan 50-dən çox tennis stolu alınıb. Tədbirin sonunda ölkəmizdə fəaliyyət göstərən 23 idman Olimpiya kompleksi və idman məktəblərinə federasiya tərəfindən təmənnasız olaraq tennis stollarını əldə etmək üçün sertifikatlar verildi.