Stolüstü tennisçilər dünya çempionatından əvvəl “Top-16” turnirində yarışdılar

Stolüstü tennisçilər dünya çempionatından əvvəl “Top-16” turnirində yarışdılar

Yanvarın 15-16-da Azərbaycan Tibb Universitetinin idman zalında stolüstü tennis üzrə böyüklər arasında "Top-16” turniri keçirilib. Turnirin təşkil olunmasında əsas məqsəd aprel və may aylarında Yaponiya paytaxtı Tokio şəhərində keçiriləcək dünya çempionatına yollanacaq heyəti müəyyən etməkdən ibarətdir. 32 idmançının (16 oğlan, 16 qız) iştirak etdiyi yarışda Bakı, Sumqayıt və Şabranı təmsil edən ən güclü tennisçilər qalib adı uğrunda mübarizə aparıblar. Şəxsi xarakter daşıyan turnirdə Ramil Cəfərov ("Təhsil” RİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Təhsil” Respublika İdman Mərkəzinin digər təmsilçisi Fərhad İsmayılov ikinci, Bakı Tennis Məktəbinin yetirməsi Hilal Həsənov isə üçüncü yerlə kifayətlənib. Qızların mübarizəsində ilk üç yeri "Aztelekom” İB komandasının təmsilçiləri tutublar. Səbinə Əhmədova rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Məryəm İmanova ikinci, Rüfət Quliyeva isə üçüncü yeri tutub. Qaliblər federasiya tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.