Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır.
Olimpnews.az xəbər verir ki, turnirin son günündə iki çəki dərəcəsində daha dörd cüdoçumuz tatami üzərinə çıxacaq. Belə ki, -90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov 1/8 finalda gürcüstanlı Nikoloz Davladze ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparacaq Elcan Hacıyev isə ilk görüşünü tacikistanlı Muzamir Karimzodaya qarşı keçirəcək.
+100 kq çəki dərəcəsində isə Camal Qamzatxanov 1/8 finalda IJF idmançısı Artyom Zolotuxinlə üz-üzə gələcək. Həmin çəkidə mübarizə aparan Kənan Nəsibov isə ilk görüşündə tacikistanlı Rahmatullo Mirzoyevlə qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 27 ölkəni təmsil edən 226 (123 kişi, 103 qadın) cüdoçu iştirak edir.
Yarışda 8 idmançı ilə təmsil olunan komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı yığmamıza -66 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qazandırıb.