Kross qaçışı üzrə rayon birinciliyi keçirilib

Kross qaçışı üzrə rayon birinciliyi keçirilib

Astaranın Dənizkənarı Park Bulvar Kompleksində kross qaçışı üzrə rayon birinciliyi keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 16 müəssisəni təmsil edən 63 nəfər idmançı mübarizə aparıb.

Rayon sakinlərin maraqla izlədiyi yarışda 500 metr məsafəyə kross qaçışında qızlar və 1000 metr məsafəyə kross qaçışında oğlanlar iştirak ediblər. Qızlar arasında I yeri Tunay Nəhmətzadə, II yeri  Məriyyəm Dadaşzadə, III yeri isə Aylin  Həsənli tutub.

Oğlanlar arasında qaçışda Yusif Qulamov, Röyal Miraczadə və İlham  Kazımov müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Gərgin və maraqlı keçən yarışda ilk üç yerin sahiblərinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları  verilib.

Yarışın baş hakimi, Astara şəhər Ceyhun Babayev adına liseyin Fiziki tərbiyə müəllimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyev olub.