Futbol üzrə İspaniya La Liqasında 36-cı turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, çempionluq uğrunda şanslarını az da olsa saxlayan Madrid "Real"ı doğma meydanda "Malyorka" ilə üz-üzə gəlib. Gərgin və dramatik məcrada keçən qarşılaşma "Kral Klubu"nun minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1.
Oyunda hesabı 11-ci dəqiqədə qonaqlar açıb. Martın Valyent fərqlənərək komandasını Madrid səfərində önə çıxarıb. Lakin Karlo Ançelottinin komandası ikinci hissədə hesabdakı tarazlığı bərpa etməyə müvəffəq olub. Klian Mbappe bərabərlik qolunu vurub. Oyunun son saniyələrində (90+5) isə Yakobo Ramon "Real"a qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra "Malyorka" 47 xalla 9-cu pillədə qərarlaşıb. Madrid "Real"ı isə 78 xalla ikincidir. Onlar bir oyun az keçirən "Barselona"dan 4 xal geri qalır. Kataloniya təmsilçisi bu gün "Espanyol" səfərində qalib gələcəyi təqdirdə 28-ci La Liqa çempionluğunu qazanacaq.
"Real" son saniyələrdə qələbə qolunu vurdu
